“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

News Image

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi, “Vətənə xidmətə görə”, “Şöhrət” və “Şərəf” ordenli, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə professor Misir Mərdanovun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Yubiley tədbirində çıxış edən BDU rektoru Elçin Babayev professor Misir Mərdanovu 80 illik yubileyi münasibətilə təbrik edib, Universitetin tarixinin onun yetirmələri olan görkəmli alimlərin fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıb. Rektor bildirib ki, belə yubileylər BDU-nun keçdiyi şərəfli yola bir daha nəzər salır, gənc nəslin elmi uğurların arxasında dayanan zəhməti, müəllim əməyinin qiymətini anlamağına kömək edir: “Professor Misir Mərdanovun peşəkar fəaliyyəti elm, müəllimlik və təhsil idarəçiliyi kimi bir-biri ilə sıx bağlı olan sahələri əhatə edir. O, BDU-nun auditoriyalarında təhsil alıb, burada müəllim və alim kimi çalışıb, sonralar Universitetə rəhbərlik edib. Daha sonra isə uzun illər ölkəmizin təhsil sistemində məsul vəzifə daşıyıb. Bu gün həm tanınmış alim, həm də Universitetin keçmiş rektoru kimi yubileyinin qeyd olunması onun əməyinə göstərilən yüksək ehtiramın ifadəsidir”.

Rektor diqqətə çatdırıb ki, Misir Mərdanovun elmi və pedaqoji fəaliyyəti daim bir-birini tamamlayıb. Görkəmli alimin elmi fəaliyyəti riyaziyyatın mürəkkəb sahələrindən olan optimal idarəetmənin riyazi üsulları və variasiya hesabı ilə bağlıdır. Misir Mərdanovun bu sahədə apardığı araşdırmalar, elmi əsərləri və uzunmüddətli pedaqoji fəaliyyəti alim kimi keçdiyi yolun mühüm hissəsidir. Misir Mərdanovun həyat yolunun digər mühüm mərhələsini Azərbaycan Respublikasının təhsil naziri kimi fəaliyyət göstərdiyi illər təşkil edir. 1998–2013-cü illəri əhatə edən bu dövr ölkəmizin təhsil həyatında mühüm mərhələlərdən biri olub: “İnanıram ki, görkəmli alimin elmi bilikləri, pedaqoji təcrübəsi, müşahidələri bundan sonra da gənclərin yetişməyində mühüm rol oynayacaq. Təhsilə və elmə həsr olunmuş illərin təcrübəsi gələcək nəsillərin inkişafına xidmət etməkdə davam edəcək”.

Rektor Elçin Babayev professor Misir Mərdanova uzunmüddətli səmərəli elmi və elmi-pedaqoji fəaliyyətinə, riyaziyyat elminin inkişafına, yüksəkixtisaslı kadrların hazırlanmasına verdiyi töhfələrə, BDU-nun ictimai həyatında fəal iştirakına görə və 80 illik yubileyi münasibətilə fəxri fərman təqdim edib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, professor Misir Mərdanov Azərbaycanın elm, təhsil tarixində özünəməxsus iz qoyan görkəmli xadimlərdən biridir. O, uzun illər ərzində dövlət təhsil və elm siyasətinin həyata keçirilməsinə sədaqətlə xidmət edib. Onun dövlətçilik fəaliyyəti pedaqoji və elmi fəaliyyəti ilə üzvi vəhdət yaradıb.

BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev professor Misir Mərdanovun həyatı, elmi, pedaqoji, ictimai fəaliyyəti, dərslik yaradıcılığı, təhsil sisteminin inkişafı ilə bağlı zəngin fəaliyyəti haqqında məruzə edib. Qeyd olunub ki, professor Misir Mərdanov 21 dərsliyin, 4 monoqrafiyanın, təhsil sahəsinə dair 25 kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.

Yubiley tədbirində Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri, akademik Əhliman Əmiraslanov, ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, BDU-nun Optika və molekulyar fizika kafedrasının məsləhətçi professoru Niftalı Qocayev, Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli çıxış ediblər. Çıxışlarda Misir Mərdanovun Azərbaycan riyaziyyat elminin inkişafında, yüksəkixtisaslı kadrların hazırlanmasında, elmi-pedaqoji fəaliyyətin təşkilində xidmətlərindən və ictimai-siyasi xadim kimi fəaliyyətindən danışılıb. Onun həm Bakı Dövlət Universitetinin rektoru, həm də Azərbaycanın təhsil naziri olduğu vaxtlarda kifayət qədər səmərəli fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Sonda söz yubilyara verilib. O, tədbirin yüksək səviyyədə təşkili və göstərilən diqqətə görə Universitet rəhbərliyinə təşəkkür edib. Ömrünün 62 ilini BDU-ya həsr etdiyini deyən alim bundan sonra da ölkəmizdə elm və təhsilin, Bakı Dövlət Universitetinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib: “Bakı Dövlət Universiteti Azərbaycanın ali məktəblərinin flaqmanıdır. Mən doğma Universitetin kollektivinə daha böyük uğurlar arzulayıram. Ömrümün qalan hissəsində də Universitetin şərəfini qaldırmağa, ona xidmət etməyə çalışacağam”.


Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

News Image

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.

Tədbiri açan BDU-nun rektoru Elçin Babayev Azərbaycanla Laos arasında dostluq münasibətlərinin uzun tarixə malik olduğunu, sovet dövründə çoxsaylı Laos gənclərinin Azərbaycanda təhsil aldığını vurğulayıb. O, BDU-nun Laosun aparıcı universitetləri ilə tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında sovet dövründə 2 minə yaxın Laos vətəndaşının Azərbaycanın müxtəlif ali məktəblərində təhsil aldığını bildirib. Nazir Laosdan olan gəncləri Azərbaycanda təhsil imkanlarından yararlanmağa dəvət edib, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının yaratdığı imkanlardan danışıb, iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit çıxışında ölkəsinin müharibənin ağır nəticələrinin aradan qaldırılması, milli inkişaf və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində səylərindən bəhs edib. O, Azərbaycan-Laos münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların araşdırılmasına toxunub.

Görüş zamanı BDU-nun tələbələri Laos Prezidentinə suallar ünvanlayıb, Thonqlun Sisulit onların suallarını cavablandırıb.

Sonda BDU-nun rektoru Elçin Babayev Laos Prezidentinə hədiyyələr təqdim edib.

Tədbir bədii hissə ilə davam edib.

 


BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

News Image

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

Bakı Dövlət Universitetində (BDU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirin əsas məqsədi layiqli əməyin əhəmiyyəti, əmək hüquqlarının qorunması, işçilər üçün təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılması, sosial ədalət və məşğulluq məsələləri ətrafında fikir mübadiləsi aparmaq olub.

Dəyirmi masada BDU-nun Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev, Hüquq fakültəsinin dekan müavini Nərmin Həsənli, Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Nəzakət Kərimova çıxış ediblər. Çıxışlarda layiqli əməyin insan həyatında, eləcə də cəmiyyətin sosial-iqtisadi inkişafında mühüm rolu diqqətə çatdırılıb. Əmək hüquqlarının təmin olunmasının sosial rifahın əsas şərtlərindən biri olduğu vurğulanıb.

Tədbirdə əmək bazarında baş verən dəyişikliklər, işçilərin hüquqlarının müdafiəsi, gənclərin məşğulluğunun dəstəklənməsi və müasir əmək münasibətlərinin formalaşdırılması ilə bağlı məsələlər də müzakirə olunub.

Qeyd edilib ki, layiqli əmək yalnız məşğulluğun təmin edilməsi ilə məhdudlaşmır. Bu anlayış təhlükəsiz və sağlam iş şəraitinin yaradılmasını, sosial müdafiəni, bərabər imkanların təmin edilməsini və əmək hüquqlarının qorunmasını da özündə ehtiva edir.

Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.


Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi

News Image

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının dosenti, tanınmış bəstəkar Fikrət Əlizadənin 75 illik yubileyinə həsr olunmuş "Qəlbin simfoniyası" adlı ədəbi-bədii gecə baş tutub. Tədbirdə sənətkarın musiqiləri Azərbaycanın sevilən ifaçılarının təqdimatında səsləndirilib.

Gecə yubilyarın həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov bəstəkarla bağlı xatirələrini bölüşüb. Akademik öz çıxışında Fikrət Əlizadənin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, yaradıcılıq uğurlarından da söz açıb, onun yüksək elmi potensiala və özünəməxsus dəst-xəttə malik sənətkar olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Fazil Mustafa və Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Firidun Qurbansoy da yubilyarı təbrik edərək ona yeni uğurlar arzulayıblar. Natiqlər alimin Azərbaycan dilçiliyinə və musiqisinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Tədbir rəngarəng bədii proqramla davam edib. Gecədə Xalq artisti Azər Zeynalov, Beynəlxalq Muğam Mərkəzinin solisti Mirələm Mirələmov, müğənni Rasimə Babayeva, BDU-nun Fizika fakültəsinin əməkdaşı Sona Nərimanqızı, həmçinin universitetin Mədəniyyət və Yaradıcılıq Mərkəzinin solistləri Könül Hüseynova, Rəqsanə Əsədova və Pərviz Ağayev çıxış ediblər. Bakı Rəqs Qrupunun və universitetin qızlardan ibarət rəqs kollektivinin nümayişləri gecəyə xüsusi rəng qatıb.

Sonda bəstəkar Fikrət Əlizadə tədbirin təşkilində əməyi keçən hər kəsə və bütün qonaqlara təşəkkürünü bildirib.


BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

News Image

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

Oktyabrın 5-də Bakı Dövlət Universitetində (BDU) “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib.

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan Forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda baş tutub.

Forumun əsas məqsədi təhsildə yeni çağırışları və müasir yanaşmaları müzakirə etmək, emosional balans, şüurlu qavrayış və rifahı dəstəkləyən təhsil mühitinin formalaşdırılması ilə bağlı beynəlxalq təcrübələri bölüşmək olub.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Foruma ev sahibliyi edən BDU rektoru Elçin Babayev salamlama nitqi ilə çıxış edərək Forumun 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Rektor müasir universitetin yalnız mütəxəssis hazırlayan deyil, həm də yeni bilik yaradan, elmi tədqiqat və innovasiyaları təşviq edən intellektual mərkəz kimi fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. O, təhsil və elmin inteqrasiyasının, tələbələrin tədqiqat bacarıqlarının inkişafının və onların qlobal rəqabət mühitinə hazırlanmasının ali təhsilin əsas prioritetlərindən olduğunu bildirib.

Rektor daha təhsilli gələcəyin formalaşdırılmasının ümumi məsuliyyət olduğunu vurğulayaraq texnoloji inkişafın mərkəzində insanın, onun düşüncəsinin, yaradıcılığının və məsuliyyətinin dayanmasının vacibliyini diqqətə çatdırıb. Elçin Babayev Forumun fikir və təcrübə mübadiləsinə, yeni təşəbbüslərin və əməkdaşlıq əlaqələrinin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək iştirakçılara uğurlar arzulayıb.

“Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva Forum iştirakçılarını salamlayaraq bildirib ki, təhsil prosesində innovativ yanaşmaların tətbiqi, müəllimlərin peşəkar inkişafının gücləndirilməsi və milli-mənəvi dəyərlərin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Adilə Əliyeva qeyd edib kli, “Regional İnkişaf” İctimai Birliyi elm və təhsil sahəsində layihələrə xüsusi önəm verir. Regionlarda təhsilə marağın artırılması, gənclərin təhsil imkanları barədə maarifləndirilməsi və təhsilin davamlılığının təşviqi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Adilə Əliyeva əvvəlki illərdə həyata keçirilən təhsil təşəbbüsləri, o cümlədən inklüziv təhsilin inkişafına yönəlmiş layihələr barədə də danışıb. Adilə Əliyeva forumun qabaqcıl beynəlxalq təcrübənin və təhsildə yeni yanaşmaların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev çıxışının əvvəlində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, təhsilin inkişafında onların mühüm rolunu vurğulayıb.

Nazir təhsilin əsas məqsədinin hər bir şagirdin öyrənməsini təmin etmək olduğunu bildirərək təhsilin əlçatanlığı, keyfiyyəti və bərabər imkanların yaradılmasının prioritet istiqamətlərdən olduğunu qeyd edib. Emin Əmrullayev “PISA 2025” nəticələrində Azərbaycanın əldə etdiyi müsbət dinamikanı qeyd edib və bu uğurda müəllimlərin əməyinin xüsusi rolunu vurğulayıb. Əlavə edib ki, təhsil hər kəsin bir yerdə, əməkdaşlıq şəraitində görməli olduğu bir işdir. O, həmçinin müasir cəmiyyətin müəllimlərdən yeni bacarıqlar tələb etdiyini və son illərdə fənn müəllimlərinin peşəkar inkişafında əhəmiyyətli irəliləyişlərin olduğunu bildirib.

Emin Əmrullayev süni intellektin təhsildə yaratdığı imkanlardan da danışıb. Qeyd edib ki, bu texnologiyalar qiymətləndirmə proseslərinin təkmilləşdirilməsi, şagird nailiyyətlərinin və müəllim fəaliyyətinin daha çevik ölçülməsi baxımından mühüm imkanlar yaradır.

Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və Bacarıqlar Departamentinin direktoru Andreas Şleyxer “PISA-dan çıxarılan dərslər: öyrənənləri gələcəyə hazırlamaq” mövzusunda əsas məruzə ilə onlayn formatda çıxış edib. Andreas Şleyxer süni intellekt dövründə tənqidi düşünmə, məlumatı qiymətləndirmə və müxtəlif mənbələr arasında əlaqə qurmaq kimi bacarıqların əhəmiyyətinin daha da artdığını bildirib. O qeyd edib ki, süni intellekt təhsildə hazır cavablara aparan qısa yol kimi deyil, təfəkkürü və öyrənmə prosesini gücləndirən pedaqoji vasitə kimi tətbiq olunmalıdır. Andreas Şleyxer vurğulayıb ki, təhsil sistemi texnologiyanın avtomatlaşdıra bilmədiyi – mürəkkəb vəziyyətlərdə qərar qəbul etmək, etik mühakimə yürütmək, sosial münasibətlər qurmaq və yeni ideyalar yaratmaq kimi insani bacarıqların inkişafına xüsusi diqqət yetirməlidir.

Forumda TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Süni intellekt mühəndisliyi kafedrasında elm və fəlsəfə üzrə koordinator, müəllim və yazıçı Anoşirvan Mianci, Estoniyada təhsil müəssisələrinin memarlığı üzrə ixtisaslaşmış memar Gert Guriev, Sinqapur Müəllimlər İttifaqının baş katibi Mayk Tirumən və Varkey Fondunun direktoru Avqustin Porres tərəfindən müxtəlif mövzularda təqdimatlar edilib. Təqdimatlarda “İnformasiya bolluğu, məna qıtlığı”, “Gələcəyin məktəbi: memarlıq öyrənmə, rifah və icmanı necə formalaşdırır?”, “Təhsildə süni intellekt: Sinqapurun ilk təcrübələri” və “Heç kim baxmayanda: süni intellekt dövründə xarakter tərbiyəsi” mövzularına toxunulub.

Forum çərçivəsində həmçinin nüfuzlu professor Ziya Səlcuqla sual-cavab sessiyası keçirilib. Müzakirələrdə təhsildə yüksək nəticə gözləntisi ilə şagird rifahı arasında balansın qurulması, şüurlu düşünmə bacarıqlarının inkişaf etdirilməsi, məktəb mühitinin pedaqoji dizaynı və davranış memarlığı, rəqəmsal pəhriz, məktəb memarlığının öyrənmə motivasiyasına və rifaha təsiri, eləcə də süni intellektdən istifadə zamanı real bilik və bacarıqların obyektiv qiymətləndirilməsi kimi mövzulara toxunulub.

Forum bədii hissə ilə yekunlaşıb.


BDU nəzdində “Gənc istedadlar” liseyində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub.

News Image

BDU nəzdində “Gənc istedadlar” liseyində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub.

Tədbirdə liseyin direktoru Fuad Babayev müəllim kollektivini peşə bayramı münasibətilə təbrik edib, müəllimlik peşəsinin cəmiyyətin və gələcək nəslin formalaşmasında mühüm rolunu vurğulayıb.

Tədbirin sonunda təlim-tədris prosesində və liseyin ictimai həyatında fəal iştirak edən müəllimlər təşəkkürnamə və BDU Həmkarlar İttifaqının hədiyyələri ilə təltif olunublar.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının əməkdaşları ilə görüş keçirilmişdir.

News Image

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının əməkdaşları ilə görüş keçirilmişdir.


Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında əməkdaşların əmək fəaliyyətinin qiymətləndirilməsi, onların kitabxananın elmi, tədris və informasiya təminatı istiqamətində göstərdikləri səmərəli fəaliyyətin təşviqi və əməyə verilən dəyərin ifadə olunması məqsədilə tədbir təşkil edilmişdir.

Tədbir çərçivəsində uzunmüddətli və səmərəli əmək fəaliyyəti, işə məsuliyyətli yanaşma, peşəkar fəaliyyətin yüksək səviyyədə həyata keçirilməsi, kollektivin fəaliyyətinə verdikləri töhfələr və kitabxananın inkişafında göstərdikləri xidmətlər nəzərə alınaraq fərqlənən əməkdaşlar Təşəkkürnamə ilə təltif olunmuşlar.

Tədbirdə iştirak edən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarov və Elmi Kitabxananın direktoru Nigar İsmayılova çıxış edərək əməkdaşlara uzunmüddətli səmərəli əmək fəaliyyətlərinə görə təşəkkürlərini bildirdilər və uğurlar arzuladılar.

BDU-da Anım Günü qeyd olunub

News Image

BDU-da Anım Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə BDU əməkdaşları Universitetin 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidəni və şəhid məzunlara həsr olunan guşəni ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbir daha sonra Heydər Əliyev lektoriyasında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində mühüm mərhələ olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərərək işğal altında olan torpaqların azad edilməsi uğrunda mübarizə aparıblar.

Rektor qeyd edib ki, Vətən müharibəsi xalqın birliyinin, əsgər və zabitlərin mərdliyinin, Vətənə bağlılığının parlaq nümunəsinə çevrilib. Döyüşlər nəticəsində rayonlar, şəhər və qəsəbələr, yüzlərlə kənd və strateji əhəmiyyətli yüksəkliklər azad edilib.

Elçin Babayev vurğulayıb ki, Vətən müharibəsi yalnız döyüş meydanında deyil, siyasi, diplomatik və informasiya müstəvisində də aparılıb. Prezident İlham Əliyev həmin dövrdə qəti siyasi iradə nümayiş etdirib, proseslərə Ali Baş Komandan kimi rəhbərlik edib. Dövlət başçısının nüfuzlu beynəlxalq media qurumlarına verdiyi çoxsaylı müsahibələr və ardıcıl informasiya fəaliyyəti Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə birbaşa çatdırılmasında mühüm rol oynayıb.

Rektor bildirib ki, torpaqların azad edilməsi şəhidlərin müqəddəs xatirəsinə ən böyük ehtiram nümunələrindən biridir. Şəhidlərin bütöv və qüdrətli Azərbaycan arzusu bu gün onların xatirəsinin həm dərin hüzn, həm də böyük qürur və minnətdarlıq hissi ilə yad edilməsinə xüsusi məna verir. Onların həyat yolu gələcək nəsillər üçün vətənpərvərlik və Vətənə sədaqət örnəyidir.

Elçin Babayev Bakı Dövlət Universitetinin də Vətən müharibəsi dövründə üzərinə düşən mənəvi və vətəndaşlıq məsuliyyətini yerinə yetirməyə çalışdığını diqqətə çatdırıb. Bildirib ki, müharibə günlərində Universitetin professor-müəllim heyəti və tələbələri informasiya cəbhəsində fəal iştirak edib, elmi və intellektual potensialı ilə ölkənin informasiya mübarizəsinə dəstək göstəriblər.

Vətən uğrunda döyüşlərdə BDU-nun yüzlərlə məzununun iştirak etdiyini xatırladan rektor onların 22-nin şəhidlik zirvəsinə ucaldığını bildirib. O qeyd edib ki, şəhidlərin xatirəsini daim yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin mənəvi borcudur. Yüksək səviyyədə təhsil almaq, əldə olunan bilik və bacarıqları ölkənin inkişafına yönəltmək, məsuliyyətli vətəndaş olmaq və hər bir işi vicdanla yerinə yetirmək Vətənə xidmətin mühüm ifadələrindəndir.

Rektor BDU alimlərinin, müəllimlərinin, tələbə və məzunlarının Azərbaycanın gələcək inkişafına, eləcə də Qarabağ və Şərqi Zəngəzurun elmi, iqtisadi, sosial və mədəni dirçəlişinə töhfə verməyə davam edəcəklərini vurğulayıb.

Milli Məclisin üzvü Göydəniz Qəhrəmanov, Vətən müharibəsi içtirakçısı, ehtiyatda olan polkovnik Məhərrəm Həmidov, BDU-nun Jurnalistika fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı, AZƏRTAC İnformasiya Agentliyinin əməkdaşı Elmir Səftərov, eləcə də Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri İlkin Süleymanovun övladı, BDU-nun Filologiya fakültəsinin I kurs tələbəsi Nuray Mahirzadə çıxış ediblər.

Çıxışlarda Vətən müharibəsində Qələbənin qazanılmasında Azərbaycanın hərbi-siyasi gücünün və xalqın birliyinin mühüm rolu vurğulanıb. Bildirilib ki, Anım Günü şəhidlərin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, xalqın milli birliyinin, iradəsinin və Vətənə bağlılığının rəmzidir.

Sonda Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə: 27 sentyabr – İkinci Qarabağ müharibəsi” sənədli filmi nümayiş etdirilib.


BDU kollektivi Zəfər parkını ziyarət edib

News Image

BDU kollektivi Zəfər parkını ziyarət edib

Bakı Dövlət Universitetinin (BDU) kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.


BDU-nun dosenti Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

News Image

BDU-nun dosenti Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Səidə Əli qızının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev Bakı Dövlət Universitetinin ömrünü elmə, təhsilə, gənc nəslin və cəmiyyətin inkişafına həsr edən alimlərinin yubileylərinin keçirilməsinin artıq ənənənəyə çevrildiyini qeyd edib. O bildirib ki, Səidə Əli qızının həyatı və fəaliyyəti BDU ilə sıx bağlıdır. 1973-cü ildə BDU-nun Tarix fakültəsini bitirən Səidə Əli qızı uzun illər ölkənin peşəkar tarixçilərinin yetişməsində önəmli rol oynayıb. Onun elmi fəaliyyətinin mühüm istiqamətlərindən birini Azərbaycan ictimai-siyasi fikir tarixinin, xüsusilə görkəmli mütəfəkkir Əhməd bəy Ağaoğlunun zəngin irsinin, mənbəşünaslığın, milli mətbuatın, və tarixşünaslığın müxtəlif problemlərinin araşdırılması təşkil edir: “Bakı Dövlət Universitetinin tarixini araşdırmaq, ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək böyük mənəvi məsuliyyətdir. Səidə Əli qızı Bakı Dövlət Universitetinin 100 illik tarixinə həsr edilmiş əsərlərin müəllif və həmmüəlliflərindən biri kimi bu istiqamətdə də öz töhfəsini verib”.

Rektor Elçin Babayev tanınmış alimə səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və yubileyi münasibətilə Fəxri fərman təqdim edib.

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov Səidə Əli qızının uzun illər ərzində mənbələrə və tarixi faktlara əsaslanan tədqiqatları ilə tarix elminin müxtəlif istiqamətlərinin inkişafına verdiyi töhfələrdən danışıb. Xüsusilə Azərbaycanın ictimai-siyasi fikir tarixinin mühüm şəxsiyyətlərinin irsinin öyrənilməsində onun araşdırmalarının mühüm rol oynadığını bildirib.

Daha sonra Anar İsgəndərov MM-in Elm və təhsil komitəsinin Fəxri fərmanını alimə təqdim edib.

BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov, Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, MM-in üzvləri Fəzail İbrahimli, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vasif Qafarov, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və digərləri Səidə Əli qızının geniş elmi fəaliyyəti və mənbəşünaslıq elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açaraq, yubilyarı təbrik ediblər.

Tədbir çərçivəsində Səidə Əli qızının "Azərbaycan tarixinin mənbəşünaslığı" adlı dərs vəsaitinin də təqdimatı keçirilib. Dərs vəsaitində Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət daşıyan yazılı, arxeoloji, etnoqrafik və digər mənbələr haqqında məlumat verilib. Vəsaitdə tarixi mənbələrin təsnifatı, təhlili və elmi dövriyyəyə cəlb olunması məsələlərinə, eləcə də ayrı-ayrı tarixi dövrlərin mənbəşünaslıq xüsusiyyətlərinə toxunulub.

Tədbirin sonunda söz yubilyara verilib.

BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Səidə Əli qızı göstərilən diqqətə və Universitetin ənənəsinə çevrilən bu cür tədbirlərə görə təşəkkürünü bildirib, bundan sonrakı fəaliyyətini də gənc nəslin təlim-tərbiyəsinə, Azərbaycan elminin inkişafına həsr edəcəyini qeyd edib.


BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

News Image

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Bakı Dövlət Universiteti və BDU-da fəaliyyət göstərən “YENİ Klub”un təşkilatçılığı ilə “Suveren Azərbaycan -qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş keçirilib.

BDU-nun Heydər Əliyev muzeyində baş tutan görüşün qonağı YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov olub.

BDU-da fəaliyyət göstərən “YENİ Klub”un sədri Asif Əliyev qeyd edib ki, Azərbaycan xalqının ən böyük milli sərvətlərindən biri müstəqil, qüdrətli və suveren dövlətə sahib olmasıdır. Dövlət suverenliyi xalqımızın əsrlər boyu yaşatdığı azadlıq və dövlətçilik ideallarının ən ali ifadəsidir. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanaraq işğal altında olan ərazilərimizi azad etdi. Lakin Zəfər yolu 2020-ci illə yekunlaşmadı və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmək istiqamətində qətiyyətli addımlarını davam etdirdi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Məhz bu tarixi hadisənin əhəmiyyətini əbədiləşdirmək məqsədilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycanın müasir tarixində Zəfər, suverenlik və Böyük Qayıdış bir-birini tamamlayan böyük tarixi mərhələlərdir. Bu tarixi yolun təməlində xalqımızın milli iradəsi, dövlətimizin qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. 2020-ci ildə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq torpaqlarımızın işğalına son qoyulması istiqamətində həlledici nəticələr əldə etdi. Şuşanın azad olunması ilə Zəfərimizin ən parlaq səhifələrindən biri yazıldı və xalqımızın milli qüruru daha da yüksəldi. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpasını təmin etdi. Bu tarixi hadisə Azərbaycan dövlətçiliyinin çoxəsrlik salnaməsində xüsusi yer tutur. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu mühüm tarixi hadisəyə verilən yüksək siyasi və mənəvi qiymətin ifadəsidir.

YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov qeyd edib ki, suveren Azərbaycan anlayışı xalqımızın milli iradəsini, dövlətçilik qürurunu və tarixi Zəfərini özündə birləşdirən böyük məna daşıyır. Bu gün ölkəmizin bütün ərazisində Azərbaycan bayrağının dalğalanması xalqımızın uzun illər davam edən mübarizəsinin tarixi nəticəsidir. Bu əlamətdar tarix şəhidlərimizin müqəddəs xatirəsinə, qazilərimizin fədakarlığına və Azərbaycan Ordusunun qəhrəmanlığına ehtiramın ifadəsidir. Bu gün Zəfərimizin davamı olaraq Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesi geniş vüsət alır. Dövlətin həyata keçirdiyi nəhəng quruculuq layihələri ilə yanaşı, Heydər Əliyev Fondunun fəaliyyəti də azad edilmiş ərazilərin dirçəldilməsində xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident və Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tarixi və dini abidələrin bərpasına göstərilən diqqət Qarabağın mənəvi və mədəni irsinin yenidən canlandırılmasına xidmət edir.

Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.


BDU-da yeni tədris ili başlayıb

News Image

BDU-da yeni tədris ili başlayıb

Bakı Dövlət Universitetində (BDU) 2026/2027-ci tədris ili başlayıb.

BDU-da ilk dərslər “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.

2026/2027-ci tədris ilində BDU-da 76 ixtisas, 239 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Hazırda BDU-da bakalavriat səviyyəsi üzrə 21977 tələbə təhsil alır. Onlardan 6852 nəfəri kişi, 15125-i qadındır. Tələbələrdən 12708-i humanitar, 9269-u təbiət elmləri üzrə ixtisaslarda təhsil alır. BDU-nun bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin 15220-si dövlət sifarişi əsasında, 6757-si nəfəri ödənişli əsaslarla oxuyur.

Yeni tədris ilində BDU-nun bakalavriat səviyyəsinə 4911 nəfər qəbul olunub. Onlardan 3487 nəfəri dövlət sifarişli, 1424 nəfər ödənişli əsaslarla təhsil alacaq.

2026/2027-ci tədris ilində BDU-nun magistraturasında 2573 tələbə təhsil alır. Onlardan 849-u kişi, 1723-ü qadındır. BDU-nun magistrantlarının 1825 nəfəri dövlət sifarişi əsasında, 748 nəfəri ödənişli əsaslarla təhsil alır.

BDU-da ötən tədris ilindən başlayaraq bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd verilir. Magistratura səviyyəsi üzrə dövlət təhsil proqramlarının yenilənməsi həyata keçirilib, bu tədris ilindən magistaturaya qəbul olunan tələbələr həmin proqramlar əsasında təhsil alacaqlar.

2026/2027-ci tədris ilindən BDU-da bakalavriat səviyyəsi üzrə yeni “Regionşünaslıq (Afrika üzrə)” ixtisası açılıb. Tarix fakültəsində ilk dəfə olaraq bu ixtisas üzrə kadr hazırlığına başlanılacaq. Magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılıb.

Bütün tələbə və şagirdlərimizi yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara təhsillərində və şəxsi həyatlarında uğurlar arzulayırıq!